Yeni texnika və texnologiyanın işlənməsi şöbəsi

Yeni texnika və texnologiyanın işlənməsi (YTTİ) şöbəsi 1997-ci ildə yaradılmışdır. Yarandığı vaxtdan şöbəyə f.-r.e.n. Aydın Ərəstun oğlu Musayev rəhbərlik edir. Yeni texnika və texnologiyanın işlənməsi şöbəsində aşağıdakı istiqamətlərdə elmi işlər aparılır:

– aviasiya və digər növ nəqliyyat üçün elektron və texniki vasitələrin işlənməsi və tətbiqi;

– avtomatlaşdırılmış mikroprosessor vasitələrinin işlənməsi və tətbiqi;

– pilotsuz uçan aparatların işlənməsi.

Bütün işlənmiş qurğu və cihazlara Respublika Standartlaşdırma Komitəsinin keyfiyyət sertifikatı alınmışdır. İşlərin nəticəsi olaraq əməkdaşlar tərəfindən 50-yə yaxın elmi məqalə, 4 metodik vəsait nəşr etdirilmişdir.       

Şöbə aviasiya, elektronika və informatika sahəsində müxtəlif növ təcrübi konstruktor işləmələri ilə məşğul olur.

Şöbədə icra olunan mövzular:

“Revers” mövzusu üzrə “Pilotsuz uçuş aparatı” layihələndirilərək hazırlanmış və ilkin sınaqlar keçirilmişdir. 

Baş Dövlət Yol Polisi İdarəsinin sifarişi ilə  proqramlaşdırıla bilən mikroprosessor əsasında qurulmuş, geniş imkanlara malik “İFK-16 tipli Svetoforun idarəetmə qurğusu” layihələndirilmişdir. Hal-hazırada 200 ədəd İFK -16 tipli Svetoforun idarəetmə qurğusu MAA-da istehsal olunaraq Bakı şəhərininn əksər yol qovşaqlarında quraşdırılmışdır 

“İqlim” Bakı Aviasiya İstehsalat Birliyinin sifarişi ilə “Elektromontaj hörüklərin avtomatik kompleks yoxlama qurğusu” layihələndirilərək hazırlanmışdır. Bu qurğu xüsusi hazırlanmış proqram və kompyuter vasitəsi ilə 1024-ə qədər çıxışı olan elektrik hörüklərin montajının elektrik sxeminə uyğunluğunu və bir-biri ilə elektrik əlaqəsi olmayan ayrılmış dövrlərin izolyasiya müqavimətini yoxlamaq üçün nəzərdə tutulmuşdur.

“Radoquraşdırma” Elmi-İstehsalat Birliyi ilə bağlanmış müqaviləyə əsasən “Svetoforun vaxtının əkssayma qurğusu” layihələndirilərək 3 ədəd sınaq nümunəsi hazırlanmış və Bakı şəhərinin Ü.Hacıbəyov küçəsi ilə Puşkin küçəsinin kəsişdiyi yol qovşağında quraşdırılmışdır 

“Şəhər nəqliyyatında dayanacaqları avtomatik elan edən informator“ layihələndirilərək sınaq nümunəsi hazırlanmışdır. Bu qurğu şəhər nəqliyyatında peyk naviqasiya sistemi peyklərindən gələn siqnalların köməyi ilə fasiləsiz olaraq, öz koordinatlarını təyin edir və tərtib olunmuş proqrama uyğun olaraq nəqliyyat hər bir dayanacağa yaxınlaşanda onun adını elan edir. 

Aviasiya Elektronikası şöbəsi ilə birlikdə Təhlükəsizlik İdarəsinin sifarişi əsasında “Radioaktivliyə nəzarət qurğusu” layihələndirilərək hazırlanmış və H.Əliyev Beynəlxalq aeroportunun yük terminalında quraşdırılmışdır.

Əlaqə tel.: (+994 12) 497 26 00 (26-76)