İdman kompleksi

MAA-nın müasir standartlara cavab verən, hər cür şəraitə malik olan İdman kompleksi 2000-ci ildə tikilib istifadəyə verilmişdir. Kompleksin açılışında Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Sədri İlham Əliyev iştirak etmişdir. Kompleks gün ərzində 600-700 nəfərin müxtəlif idman növləri üzrə məşğul olmasına imkan verir. Bu kompleks müasir tələblərə cavab verən güləş, ağır atletika, stolüstü tennis, voleybol, basketbol, trenajor zallarına, futzal meydançalarına, üzgüçülük hovuzuna, masaj otaqlarına, sauna, duşxanalar və digər vacib şəraitə malikdir. Kompleksdə fərdi və ümumi ventilyasiya sistemi quraşdırılmış, mərkəzi istilik sistemi vardır. Kompleks həmçinin qonaq otağı, istirahət, hakim və məşqçi otaqları, tibb məntəqəsi və inzibati otaqlara da malikdir. Kompleksin zal və otaqları müasir idman avadanlıqları ilə təmin edilmişdir.

Kompleksin nəzdində “AZAL” İdman klubu fəaliyyət göstərir. Klubda ağır atletika, karate, voleybol, basketbol, güləş, futbol, həndbol və digər bölmələr mövcuddur. 2010-cu ildən həndbol komandası, 2011-ci ildən şahmat klubu fəaliyyət göstərir. Həndbol komandamız dəfələrlə respublika və şəhər birinciliyinin qalibi olmuşdur. 23 fevral 2011-ci il tarixdə həndbol komandası Eldar Fərəcovun rəhbərliyi altında Respublika birinciliyində birinci yeri tutmuşdur.

Basketbol və voleybol komandaları dəfələrlə Bakı kuboku uğrunda və Respublika yarışlarında yüksək mükafatlara layiq görülüb.

İdmançılarımız kosiki karate-do üzrə dəfələrlə ölkə və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr əldə ediblər.

Ağır atletika üzrə nailiyyətlər daha yüksəkdir. İdmançılarımız respublika və beynəlxalq səviyyəli yarışların qalibi olmuşlar. Onlardan Nizami Paşayev dəfələrlə Avropa çempionatında fəxri yerləri, dünya çempionatında (2001-ci il) ikinci yeri tutmuş, iki dəfə isə (2002 və 2005-ci illər) dünya çempionu tituluna layiq görülmüşdür. Elxan Süleymanov Avropa çempionatında (2002-ci il) ikinci yeri tutmuşdur. Turan Mirzəyev isə Avropa çempionatında (2003-cü il) ikinci yeri tutmuşdur. Respublika kateqoriyalı yarışlarda müxtəlif çəki dərəcələrində bu üç idmançı və eləcə də Natiq Həsənov və Əlibəy Səmədov əksər yarışlarda birinci yerləri tutmuşlar. Milli Aviasiya Akademiyasının tələbəsi Rauf Nəbiyev də Respublika səviyyəli yarışlarda dəfələrlə fəxri yerləri tutmuşdur. Azərbaycanın ağır atletika komandası 2003-cü il Avropa çempionatında 36 ölkə arasında 5-ci olmuşdur.

Kompleksin respublikada analoqu olmayan ağır atletika zalı beynəlxalq standartlara uyğun ixtisaslaşdırılmışdır. Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovun respublikada idmanın bu növünün inkişafındakı xidmətləri əvəzsizdir. İdmana göstərilən yüksək qayğı və idmançıların şəxsi səyləri sayəsində yüksək nəticələr əldə edilmişdir.

Azərbaycan Kosiki karate-do Federasiyasının fəxri prezidenti, akademik Arif Mir Cəlal oğlu Paşayevin qayğısı nəticəsində bu idman növü üzrə yığma komandamız dördüncü dəfədir ki, beynəlxalq yarışlardan qələbə ilə qayıdır.

Əlaqə tel: (+994 12) 497 26 00 (20-95, 20-94, 23-42)

FUTBOL KLUBU

Milli Aviasiya Akademiyasının futbol klubu 2007-ci ildə yaradılıb. Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Mir Cəlal oğlu Paşayev həm də “Tələbə futbol federasiyasının” prezidentidir.

MAA-nın futbol komandasının oyunçuları tələbələrdir. Klubun direktoru və rəhbəri Vaqif  Qasımovdur. Komandanın baş məşqçisi – Neftçi komandasının keçmiş oyunçularından biri, idman ustası Səmədağa Şıxlarov, məşqçisi – Balaş Əliyevdir.

Komanda yarandığı andan bu günə qədər bir çox nailiyyətlər və uğurlar qazanmışdır. 2009-cu ildə Azərbaycanın “Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş 12-ci respublika spartakiadasında mini futbol üzrə yarışda aviasiya işçiləri 1-ci yerə, 2010-cu ildə isə 2-ci yerə layiq görülmüşlər.

2008-ci il 3-12 dekabr tarixində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası tərəfindən təşkil olunmuş Sahə Həmkarlar İttifaqları Təşkilatının 3-cü respublika spartakiadasında mini futbol üzrə yarışda 1-ci yeri tutmuşlar.

Həmçinin 10-20 dekabr 2010-cu il tarixində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası tərəfindən təşkil olunmuş Sahə Həmkarlar İttifaqları Təşkilatlarının mini futbol üzrə yarışlarında komanda 3-cü yerə layiq görülüb.

Əlaqə tel.: (+994 12) 456 42 89;  (+994 50) 581 49 42 (Balaş Əliyev)